“Technion” Universitetinin direktoru: Azərbaycan kibertəhlükəsizlik sahəsində güclü insan kapitalı formalaşdırır VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Son üç il ərzində 300-dən artıq mütəxəssis hazırlayan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsində mühüm dayağa çevrilib. Müasir dövrdə kibertəhlükəsizlik artıq yalnız texniki peşə deyil, kritik infrastrukturun qorunması, etimadın təmin edilməsi və innovasiyaların cəmiyyətə xidmət etməsi baxımından böyük məsuliyyətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışı zamanı səsləndirib.
O bildirib ki, süni intellekt və rəqəmsal sistemlərin sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizlik və ictimai etimad üçün strateji əhəmiyyət daşıyır.
Moti Yeger qeyd edib ki, ötən həftə Qüds şəhərində İsrail və Azərbaycan arasında süni intellekt sahəsində Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında möhkəm və davamlı strateji tərəfdaşlığın göstəricisidir. Sənəd İsrailin Baş naziri Benyamin Netanyahu ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı ilə imzalanıb.
“Technion”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığın uzunmüddətli potensialın formalaşdırılmasına, bilik və insan kapitalının inkişafına yönəldiyini vurğulayan M.Yeger Davamlı Təhsil Məktəbinin ömürboyu öyrənmə prinsipinə əsaslandığını bildirib.
O qeyd edib ki, bu proqram çərçivəsində texnologiyanın nəyə qadir olmasından daha çox, onun necə dizayn edilməsinə və təhlükəsiz şəkildə tətbiq olunmasına diqqət yetirilir.
Moti Yeger çıxışının sonunda İRİA-ya və yerli tərəfdaşlara göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib.