ŞEYXÜLİSLAM İORDANİYA İSLAM AKADEMİYASININ HƏQİQİ ÜZVÜ SEÇİLMİŞDİR
İordaniya məliki II Abdullahın fərmanı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İordaniya İslam Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bu ada elm sahəsində böyük xidmətlərinə, əqidə aləmində tutduğu görkəmli yerə, islam elmi və mədəniyyəti naminə səmərəli fəaliyyətinə, müasir islam mədəni həyatının tərəqqisində mühüm roluna görə layiq görülmüşdür.
Məlik II Abdullah İordaniyanın paytaxtı Əmman şəhərində 42 ölkənin nümayəndələrinin iştirakı ilə Akademiyanın “Hicri XV əsrdə islamın gələcəyi” mövzusunda keçirilən XII sessiyasında Şeyxülislam Allahşükür Paşazadəni şəxsən təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Əlahəzrət ll Abdullah ilə keçirilən görüş zamanı şeyxülislam Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin salamlarını ona çatdırmış, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrindən söhbət açmışdır. Görüşdə Qarabağ probleminin ədalətli həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır. İordaniya rəhbəri dünyanın ən tanınmış liderlərindən biri olan Prezident Heydər Əliyevə və Azərbaycan xalqına özünün səmimi salamlarını yetirməyi xahiş etmişdir.
Səfər zamanı şeyxülislam Allahşükür Paşazadə İordaniyanın baş qazisi şeyx İzzəddin əl-Xətib, vəqflər və islam işləri naziri doktor Əhməd Məhəmməd Hüleyl və başqaları ilə də görüşlər keçirmiş, dinlə bağlı bəzi aktual məsələləri müzakirə etmişdir.
Azərbaycanda müxtəlif din və təriqət nümayəndələrinin dinc birgə yaşayış təcrübəsinin mövcudluğu nəzərə alınaraq, Bakıda “Məzhəblərin dialoqu” mövzusunda beynəlxalq konfrans keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.