ŞEYXÜLİSLAM SƏUDİYYƏ ƏRƏBİSTANININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Şeyxülislam hər iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında böyük rol oynadığını bildirmişdir. O, nümayəndə heyətinin bu səfərinin gələcəkdə mədəniyyət və informasiya sahəsində əlaqələrin daha da genişlənməsində yeni mərhələ açacağına əminliyini söyləmişdir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan hacı Allahşükür Paşazadə, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır.
Cənab İyad ibn Əmin əl-Mədəni Azərbaycan kimi qədim bir diyara gəldiklərindən məmnunluğunu, qonaqpərvərliklə qarşılandıqları üçün təşəkkürünü bildirmişdir. Səfərlərinin ilk gününün ulu öndər Heydər Əliyevin anım gününə təsadüf etdiyini söyləyən nazir, Azərbaycan xalqının ümummilli liderinə sonsuz ehtiramının şahidi olduqlarını vurğulamışdır. Qonaq Prezident İlham Əliyev tərəfindən səmimi qəbul edildiklərini, ölkələrimiz arasında mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı istiqamətində danışıqların aparıldığını bildirmişdir.
Qonaqlara xatirə hədiyyələri təqdim edilmiş, onların şərəfinə şam yeməyi verilmişdir.