Səyyar “ASAN xidmət” davam edir
Bakı, 18 fevral, AZƏRTAC
Səyyar “ASAN xidmət” fevralın 19-dan 28-nə kimi Zığ qəsəbəsində, fevralın 1-dən martın 2-nə kimi Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-а bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.