Şimal-Qərb bölgəsində Uşaq İncəsənət Festivalının birinci mərhələsi başa çatıb
Şəki, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə tədbirlər başa çatıb.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festivalın aprelin 19-dan davam edən seçim turlarında Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında, ümumilikdə, 638 fərdi ifaçı və 25 xalq çalğı alətləri, rəqs və xor kollektivi müxtəlif nominasiyalar üzrə öz istedadlılıq qabiliyyətlərini nümayiş etdiriblər. Seçim turlarında fərqlənən fərdi ifaçılar və kollektivlər festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, 6-17 yaş arasında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.