ŞİMAL-QƏRB RAYONLARINDA TAXIL BİÇİNİNƏ BAŞLANMIŞDIR
ZAQATALA
Rayon icra hakimiyyətindən AZƏRTAC- a bildirmişlər ki, təsərrüfatlarda taxıl yığımı kampaniyasını mütəşəkkil davam edir.
Cari mövsümdə rayonda 8380 hektar sahənin taxılı biçiləcəkdir. Bu, əvvəlki illə müqayisədə 4414 hektar və ya 2,1 dəfə çoxdur. Biçiləcək sahələrin 5801 hektarını buğda, 2579 hektarını isə arpa sahələri təşkil edir. Biçin kampaniyasına 62 taxılbiçən kombayn, 36 küləşpresləyən, 22 taxıltəmizləyən, 8 taxılyükləyən aqreqat, habelə 300-ə yaxın nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilmişdir.
İndiyədək rayonda 1000 hektara yaxın sahənin taxılı biçilmişdir. Hər hektardan orta məhsuldarlıq 24 sentner təşkil edir. Ümumiyyətlə, bu il rayonda taxıl istehsalının 20 min tona çatacağı gözlənilir.
QAX
Rayon icra hakimiyyətindən verilən məlumata görə, keçən il rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 9590 hektar sahədə taxıl əkilmişdir. Əkin sahələrinin 5228 hektarını buğda, 4362 hektarını isə arpa sahələri təşkil edir.
İndiyədək 2800 hektar sahənin arpası biçilmişdir. Hər hektardan orta məhsuldarlıq 28 sentner təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Biçinə 45 kombayn, 150-yə yaxın müxtəlif nəqliyyat vasitəsi cəlb edilmişdir.
Bir neçə gündən sonra təsərrüfatlarda buğda biçininə başlanılacaqdır. Fermerlər taxıl biçinini optimal müddətdə başa çatdırmağa çalışırlar.
BALAKƏN
Balakənli fermerlər qarğıdalı əkininə daha çox maraq göstərsələr də, rayonda taxıl əkini sahələri də ildən-ilə artır.
Ötən il rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 877 hektar sahədə taxıl əkilmişdir. Bu, əvvəlki ildəkindən 3 dəfəyə yaxın çoxdur. Əkin sahələrinin 620 hektarını buğda zəmiləri təşkil edir. Rayonda artıq arpa biçininə başlanmışdır. Biçinə 8 taxılbiçən kombayn və digər texnika cəlb edilmişdir.