ŞİRVAN MİLLİ PARKINDA BEYNƏLXALQ SEMİNAR
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov seminarın açılışında çıxış edərək, Milli parklar proqramının gerçəkləşdirilməsinin birinci mərhələsi barədə məlumat vermişdir. Bakının 102 kilometrliyində yerləşən Şirvan Milli parkının yaradılmasının ilk mərhələsində park haqqında Əsasnamə hazırlanmış, sorğu-monitorinq və müşahidə məntəqələri, avtobus dayanacağı tikilmiş, 6 kilometr uzunluğunda tor hasar çəkilmişdir. İkinci mərhələdə isə yollar təmir olunmuş və Neftçala rayonu ilə həmsərhəd ərazidə kanal çəkilməsi işləri davam etdirilmişdir. Nazir bərpa proseslərində, elmi tədqiqatların aparılmasında, ekoloji turizmin inkişafında milli parkların böyük rolunu vurğulamışdır. O, elmi monitorinq sahəsində kadrların fauna fərdlərinin hesablanması və ekoturizm sisteminin hazırlanması üçün M.Zukkov Fonduna təşəkkürünü bildirmişdir.
Seminarda heyvanat aləminin mühafizəsində, ekoloji təhsildə milli parkların rolu barədə məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.