Şirvan şəhərində Dövlət Suverenliyi Gününə həsr olunan konfrans keçirilib
Şirvan, 19 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunan konfrans keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara və Dövlət Suverenliyi Gününə həsr olunan uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində suverenliyimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, ordumuz güclənib, ərazi bütövlüyümüz bərpa olunub. Azərbaycan Respublikasının Dövlət Bayrağı bütün ölkə ərazisində əzəmətlə dalğalanmaqdadır.
Həmçinin qeyd edilib ki, Dövlət Suverenliyi Günü sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün zirvəsidir.
Tədbirdə Dövlət Suverenliyi Gününə həsr edilmiş sənədli film nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Sonra lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailələri ziyarət olunub.