Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir
Astana, 13 may, AZƏRTAC
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı Atırau şəhər akimi Keykin Şakir Keykinoviçlə nəzakət görüşü keçirib.
AZƏRTAC Azərbaycanın Aktaudakı Baş konsulluğuna istinadla xəbər verir ki, görüş baş konsulun Atırau vilayətinə səfəri çərçivəsində təşkil olunub.
Görüşdə baş konsul Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. O, iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və regionda gedən proseslərdə dövlət başçılarının koordinasiyalı siyasət yürütdüyünü diqqətə çatdırıb.
Baş konsul, həmçinin Şirvan və Atırau şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladıb və qarşılıqlı səfərlərin təşkilinin əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Şəhər akimi öz növbəsində Atırau vilayəti haqqında məlumat verib və qeyd edib ki, Atırau “Qazaxıstanın neft paytaxtı” kimi tanınır, neft, qaz, mədənçıxarma və balıqçılıq vilayətin əsas sənaye sahələridir. Ş.Keykin vilayətdə aparılan quruculuq işləri və həyata keçirilən layihələr barədə söz açıb, diasporun fəaliyyətindən razılığını bildirib və azərbaycanlıların şəhərin həyatında aktiv iştirak etdiklərini qeyd edib.