Şirvan və Sabirabadda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb
Şirvan, 16 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxsin - 45 yaşlı Fəxrəddin Mirzəyevin üzərinə keçirilən baxış zamanı “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində isə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şıxlar kənd sakini Mürvət Rzayev saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan “patı” adlanan metamfetamin, tiryək və heroin, bir ədəd elektron tərəzi, həyətyanı sahədən isə bir ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.