Şirvanda Dövlət Bayrağı Günü qeyd olunub
Şirvan, 10 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü qeyd olunub. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat əməkdaşları, ziyalılar, gənclər və digər şəhər sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə şəhərin Heydər Əliyev meydanında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” təşkil olunub. “Qarabağ Azərbaycandır!, “Vətən var olsun!”, “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə keçirilən yürüş Şəhidlər xiyabanından Bayraq meydanına qədər davam edib. Bayraq meydanında davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, Dövlət Bayrağımız milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad edilən qədim yurd yerlərimizdə dalğalanır. Qeyd edilib ki, işğaldan azad edilmiş torpaqlarımızda qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə şanlı Azərbaycan bayrağının dalğalandırılması xalqımıza sevinc bəxş edib.
Sadiq Hüseynov adına 1 nömrəli tam orta məktəbin “Günəş” xor birliyi, 2 nömrəli tam orta məktəbinin şagirdləri, Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı, opera-kamera artisti Azər Həsənov, Uşaq Musiqi məktəbin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Sonda torpaqlarımızın azadlığı uğrunda canından keçən Şirvan şəhərindən olan 157 şəhidin hər birinin əziz xatirəsinə şarlar səmaya yüksəldilib. Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Günü münasibətilə Şəhidlər xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını ziyarət ediblər.