Şirvanda şəhid övladları və məktəblilər üçün konsert və tamaşa nümayiş olunub
Şirvan, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində şəhid övladları və məktəblilər üçün konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Ulu Öndərin uşaqlara qayğısından bəhs edən videoçarxı izləyiblər.
Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
Diqqətə çatdırılıb ki, hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız Ulu Öndər uşaqlara daim qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.
Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin və rəqs qrupunun ifasında konsert proqramı ilə davam edib.
Sonda Salyan Dövlət Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa nümayiş olunub.