Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib
Şirvan, 9 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib. Tədbir çərçivəsində Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı flaşmob təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül-çiçək dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə edilib.
Həmçinin Şəhidlər xiyabanında Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarları ziyarət olunub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının yaddaşlarda yaşayacaqları, illər keçsə də, nəsillər dəyişsə də heç zaman unudulmayacaqları vurğulanıb.
Sonra Zəfər günü münasibətilə “Zəfər tariximiz” mövzusunda məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, “Dəmir yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən müharibəsinin rəmzinə çevrilmiş Xarıbülbül, Şirvan şəhərindəki “Zəfər abidəsi” və digər mövzular əhatə olunub.
Tədbir Mədəniyyət Mərkəzində pandemiya qaydaları gözlənilməklə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin, mülki şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Şuşa bizimdir!”, “Zəfər paradı” filmləri nümayiş etdirilib.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, şanlı Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı cəmi 44 günə azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Noyabrın 8-də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyiə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunan şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına medallar təqdim edilib.
Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib.
Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Şirvan şəhəri Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında ucaldılmış “Zəfər” abidəsinin ətrafında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə kampaniyası keçirilib. Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və könüllülər iştirak ediblər.
Abidə ətrafında Şirvan şəhərindən olan 157 şəhidin hər birinin şərəfinə bir ağac, parkın meşə zolağında isə 2500 sərv və şam ağacı əkilib.