Siyəzən və Xaçmazda polis əməkdaşları şəhid ailələri ilə görüşüblər
Siyəzən, 30 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin şəxsi heyəti, eləcə də rayonun hüquq-mühafizə orqanlarının təmsilçiləri Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhid Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşlərdə ailələrin problemləri dinlənilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, torpaqlarımızın azad olunmasında qəhrəman oğullarımızın igidliyindən və şücaətindən danışılıb.
Polis əməkdaşları hər iki şəhidin azyaşlı övladlarına Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hədiyyələr təqdim ediblər.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər.
Şöbə əməkdaşları onların problemləri ilə maraqlanıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.