Siyəzəndə 50 şahmatçının mübarizəsində qaliblər müəyyənləşib
Siyəzən, 20 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 19-20-də Siyəzən Gənclər Mərkəzində uşaq və yeniyetmələr arasında keçirilən yarışda 50 şahmatçı mübarizə aparıb.
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyin əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması, perspektivli şahmatçıların üzə çıxarılması, eləcə də uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, sağlam həyat tərzinin təbliğidir.
İki gün davam edən turnirin nəticəsinə əsasən qızlar arasında Qızılgül Həsənova I, Leyla Əsgərova II, Məryəm Qurbanlı III yeri tutub. Oğlanların yarışında isə Elman Kərimli, Mehdi Şeydayev və Əli Qurbanlı müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.
Qaliblər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.