CƏMİYYƏT
Son 20 il ərzində orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb
![Son 20 il ərzində orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb](/files/2023/3/1200x630/16971961962861320221_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
İyirmi il əvvəl oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə digər sahələrdə olduğu kimi sosial sahədə də yeni mərhələ başladı. Bu illər ərzində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar əməkhaqqı artımında da özünü göstərir.
AZƏRTAC xəbər verir ki, təkcə 2018-2023-cü illərdə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır.
2018-2023-cü illərdə ölkəmizdə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb.
Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb. Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub.
Ölkəmizdə xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti də 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, 2023-cü ilin əvvəlində isə 41,1 faizə çatıb. Bu da həmin nisbət göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyişdir.