Son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin edilib
Bakı, 15 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 15-də Bakı şəhərindəki 162 nömrəli tam orta məktəbə mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi məktəblərdə keçirilən təhsil robotları məşğələləri haqqında media nümayəndələrini məlumatlandırmaq olub.
Mediatur zamanı məlumat verilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət göstərilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub.
Təhsil robotları ilə təmin olunan məktəblərin informatika otaqlarına “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunub. İnformatika, fizika, riyaziyyat və ibtidai sinif müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edib, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyasına dair biliklərə yiyələniblər.
Qeyd olunub ki, təcrübəyə əsasən robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir. Şagirdlərin konstruktorlar ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bu cür dərslərdə şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı qazanır və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri göstərmək qabiliyyətlərini inkişaf etdirirlər.
Elm və texnologiyalara olan marağı artırmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. Bu il Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışına start verilib. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib.
Hər il dünyanın 98 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda uğurla təmsil edib.
FLL mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci il oktyabrın 22-dən noyabrın 15-dək keçirilib. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin aprel ayının 6-da təşkil olunacağı planlaşdırılır.
Tədbirdə 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini bildirib.
Rəhbərlik etdiyi məktəbin fəaliyyəti barədə məlumat verən direktor qeyd edib ki, təhsil müəssisəsində Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1536 şagird oxuyur. Məktəbdə Təhsil Nazirliyinin 4 pilot layihəsi - “Rəqəmsal bacarıqlar”, “Təhsil robotları”, “Gələcəyin mühəndisi” və “Alternativ dərsliklər” layihələri uğurla reallaşdırılır. S.Abbasova şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşünün inkişafında layihələrin əhəmiyyətini vurğulayıb.
Sonra media nümayəndələri məktəbdə keçirilən təhsil robotları məşğələləri ilə tanış olublar.