SON MƏNZİLƏ
Mərhumun cənazəsi Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.
Postamentin qarşısında tanınmış ictimai xadim və alimin təltif edildiyi orden və medallar qoyulmuşdu. Ətrafında isə Azərbaycan Prezidentinin adından, habelə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Ticarət və Sənaye Palatası, Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyətləri və başqa qurumlar adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Respublikanın dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və ictimai xadimləri, Milli Məclisin deputatları cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqini Baş nazirin birinci müavini, dəfni təşkil edən hökumət komissiyasının sədri Yaqub Eyyubov açaraq dedi ki, Kamran Hüseynov böyük və şərəfli həyat yolu keçmişdir. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, uzun illər iqtisadiyyatın müxtəlif sahələrində, rəhbər partiya işində çalışmışdır.
Kamran Hüseynov 1958-1961-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskvada Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968-1980-ci illərdə respublika Nazirlər Soveti sədrinin müavini olmuşdur. 1980-1993-cü illərdə Azərbaycan Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Hüseynov çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Sumqayıt, Mingəçevir, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye-mədəniyyət mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun səmərəli xidmətləri olmuşdur. O, bu şəhərlərin fəxri sakini olmaqla, sağlığında adı əbədiləşmişdir. Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. Kamran Hüseynov sovet və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi dünyanın bir çox ölkəsində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.
O, uzun illər Azərbaycan Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı olmuş, Respublika Ağsaqqallar Şurası İdarə heyətinin üzvü kimi gənc nəslin vətənə, müstəqil dövlətçiliyimizə məhəbbət ruhunda tərbiyəsi üçün öz dəyərli məsləhətlərini əsirgəməmişdir. Onun respublikamızın son onilliklərdə keçdiyi inkişaf yoluna, sənayenin aktual problemlərinə həsr edilmiş kitabları rəğbətlə qarşılanmışdır.
Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Respublika Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov, Respublika Veteranlar Şurasının sədri Baloğlan Rüstəmov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov matəm mərasimində çıxış edərək, Kamran müəllimin 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda başlanmış geniş quruculuq işlərində ən yaxından iştirakını vurğuladılar, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən danışdılar, vətənə, xalqa layiqli xidmət nümunəsi olan şərəfli ömür yolunun həmişə örnək kimi xatırlanacağını bildirdilər.
Mərhumun ailəsi adından qızı Hicran Hüseynova çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi, matəm mərasiminin iştirakçılarına təşəkkür etdi.
X X X
Kamran Hüseynovun cənazəsi Şəhriyar adına Mədəniyyət Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq nəcib ağsaqqal, ictimai xadim Kamran Hüseynovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.