Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının icrası istiqamətində görülən tədbirlərin davamı olaraq muxtar respublikada sosial qayğıya ehtiyac olan məktəblilər qış geyimi ilə təmin edilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Həmin uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar. Bu sahədə görülən sistemli tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzinin yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Distant Təhsil Mərkəzinin yaradılmasıdır. Mərkəzin fəaliyyəti ilə sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılanır, onların cəmiyyətə uyğunlaşması və təhsili təmin edilir. Həmçinin muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılıb, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil olunub. Nitq problemləri olanlar üçün isə defektoloji bölmə yaradılıb.
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Nahidə Əliyeva bu kateqoriyadan olan uşaqlara göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, sağlamlıq imkanları məhdud 283, hərəkət qabiliyyəti məhdud 24, aztəminatlı ailələrin övladlarından isə 162 olmaqla, ümumilikdə, 523 uşağa isti qış geyimi hədiyyə olunub.
Qış geyimləri Naxçıvan şəhərində Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə aidiyyəti təşkilatların və rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən şagirdlərə təqdim edilib.
Distant təhsilə cəlb olunan hərəkət qabiliyyəti məhdud uşaqlara isə evlərində qış geyimləri verilib.
Qeyd edək ki, bu ilin sentyabr ayında sosial qayğıya ehtiyacı olan uşaqlar məktəbli geyimi və dərs ləvazimatları ilə də təmin ediliblər.