Sosial qayğıya ehtiyacı olan şəxslərin Naxçıvana növbəti səfəri təşkil edilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, həmçinin müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyaya aid şəxsləri də əhatə edir. Bu məqsədlə onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur.
Xüsusi qayğıya ehtiyacı olan daha bir qrup insanın muxtar respublikaya növbəti səfəri təşkil edilib. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Darıdağ” Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər.
Səfər müddətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən sayılan Möminə Xatun türbəsinə, Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası olub.
Daha sonra qonaqlar “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu cür səfərlərin davam etdirilməsi nəzərdə tutulur.