Spartakiadanın qalibləri mükafatlandırılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Neftçi İdman Klubu” tərəfindən keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vurulub.
Klubdan AZƏRTAC-a bildiriblər ki, 31 müəssisədən 1239 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi (637,5 xal) ikinci, “Neft Daşları” NQÇİ (607,5 xal) isə üçüncü yeri tutub.
Sentyabrın 18-da “Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək iştirakçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını bildirdi və onları qarşıdan gələn neftçilərin peşə bayramı münasibətilə ürəkdən təbrik etdi. Ardınca "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı ilə bağlı fikirlərini bildirib və neftçilərə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıb. Kubokları sahiblərinə klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.
Sonda çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.