Şri-Lanka məscidlərində mümkün terror aktları barədə xəbərdarlıq edilib
Bakı, 25 aprel, AZƏRTAC
Şri-Lankanın hakimiyyət orqanları aprelin 26-da məscidlərdə terror təhlükəsi barədə xəbərdarlıq edib və bununla əlaqədar əlavə təhlükəsizlik tədbirləri görüb.
AZƏRTAC “The Sunday Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Şri-Lankanın baş polis inspektorunun müavini Priyanthu Cayakodi məlumat verib. “Yeni terror aktlarının mümkünlüyü ilə əlaqədar bütün məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Narahatlığa əsas yoxdur”, - deyə Cayakodi bildirib.
Bir qədər əvvəl sosial şəbəkələrdə məscidlərə hücum təhlükəsi ilə bağlı sənədlərin yayılmasına baxmayaraq, hakimiyyət onların həqiqiliyini təsdiqləməyib.
Bundan əlavə, ölkənin poçt xidməti və İslam dini ilə bağlı işlər naziri Əbdül Halim Məhəmməd Haşim adada yaşayan müsəlmanları qanlı terror aktlarından sonra katolik icması ilə həmrəylik əlaməti olan kütləvi tədbirlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Terror aktları nəticəsində 359 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Son məlumata görə, partlayışlarla əlaqə şübhəsi ilə saxlanılanların sayı 100 nəfəri ötüb.