Standartın tələblərinin pozulması faktları aşkar edilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalı zamanı standartın tələblərinin pozulması faktları aşkar edilmişdir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir.
AZƏRTAC xəbər verir ki, eyni zamanda istehsal olunan “Avko” nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş) qeyd edildiyi müəyyən edilmişdir. Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunmuşdur.
Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilmiş, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilmişdir.