CƏMİYYƏT
“Stokholm+50” ekoloji konfransında Azərbaycanın bu sahədə apardığı işlər barəsində məlumat verilib
Stokholm, 3 iyun, Rauf Əliyev, AZƏRTAC
İsveç paytaxtında keçirilən “Stokholm+50” ekoloji konfransı çərçivəsində keçirilən “Liderlik dialoqu 1 sağlam planetə və hamının firavanlığına nail olmaq üçün təcili tədbirlər” adlı görüşdə, Azərbaycan Respublikası ekologiya və təbii sərvətləri nazirinin müavini Rauf Hacıyev çıxış edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, təmiz, sağlam və dayanıqlı ətraf mühitin qorunmasının insan hüquqlarının təmin olunması və bütün səviyyələrdə davamlı inkişafa nail olmaq üçün mühüm faktor olduğunu bildirən nümayəndə heyətinin başçısı bildirib ki, bəşəriyyətin rifahı təbiətlə sıx bağlıdır və mövcud ekosistemin davamlı şəkildə istifadəsi, onu bərpa və mühafizə etmək bacarığımızdan asılıdır.
Ölkəmizdə ətraf mühitin mühafizəsinin həmişə prioritet istiqamət olmasını, Azərbaycanın 20-dən çox beynəlxalq ekoloji konvensiyanın və müxtəlif ekoloji təşəbbüslərin fəal iştirakçısı və ətraf mühitin mühafizəsi sahəsində indiyədək bir sıra mühüm strateji sənədlər qəbul etməsini qeyd edən Rauf Hacıyev, bunun bu yaxınlarda “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənəd ilə də təsdiq edildiyini vurğulayıb. “Təmiz ətraf mühit və Yaşıl artım növbəti onillik üçün ölkəmizin 5 prioritetindən biridir”, - deyə o bildirib.
İqlim dəyişmələrinin ölkəmizə də mənfi təsir etdiyini, nəticədə son onilliklərdə su ehtiyatlarının 15 faizə qədər azaldığını bildirən nazir müavini artan su çatışmazlığının kənd təsərrüfatı və digər sektorlarda yüksək həssaslıq yaratdığını, təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün ölkəmizdə müasir erkən xəbərdarlıq sistemi yaradıldığını bildirib.
Çıxışçı habelə, azad edilən ərazilərimizin iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkanlar yaratmasını da ifadə edib. O deyib, “Bu ərazilərin bərpasında ağıllı şəhər və ağıllı kənd yanaşmaları tətbiq edilir, həmçinin bu ərazilərdə yaşıl enerji zonasının yaradılması iqlim dəyişmələrinin təsirinin yumşaldılması təşəbbüslərinə birbaşa töhfə verəcəkdir”.
Digər məsələlərlə yanaşı, Azərbaycanda neft və qaz sənayesinin uzun inkişaf tarixinə baxmayaraq, 2030-cu ilə qədər enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini bildirən Rauf Hacıyev, ölkəmizdə təkrar emal təcrübələrini gücləndirmək və ölkədə yaşıl inkişaf hədəflərini tətbiq etməklə təbii ehtiyatların qorunması, davamlı istifadəsi və idarə olunmasının təşviq olunduğunu bildirib.