CƏMİYYƏT
Süd vəzi xərçənginin ən ağır formasından da sağalmaq mümkündür
Bakı, 26 oktyabr, AZƏRTAC
Xərçəng diaqnozu ölüm demək deyil. Süd vəzi xərçənginin ən ağır forması olan 4-cü mərhələdə belə sağalmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı mütəxəssis-ekspert, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.
Mütəxəssis süd vəzi xərçəngi diaqnozu qoyulan anaların körpələrinə hansı hallarda süd verə biləcəyinə aydınlıq gətirib: "Əgər şiş xoşxassəlidirsə, cərrahi əməliyyat ilə çıxarılıbsa və ya çıxarılmağa ehtiyacı yoxdursa, qadın uşağına süd verə bilər. Lakin qadında bədxassəli şiş varsa, əməliyyat olunubsa, həmin qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir. Onu da qeyd edim ki, xoşxassəli şişin süd vəzindən çıxarılmasından sonra bir daha yaranma ehtimalı yoxdur. Lakin bədxassəli şiş əməliyyatla götürülübsə, həmin şəxs yenidən xərçəng xəstəliyinə tutula bilər".
H.Vəliyevanın sözlərinə görə, “Süd vəzi xərçənginə kişilərdə qadınlara nisbətən çox az hallarda rast gəlinir. Bu xəstəliyə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir. Qadınlardan fərqli olaraq, kişilərdə xəstəlik daha tez aşkarlanır”.