Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin sərgisi açılıb
Sumqayıt, 12 avqust, Ə.Rzayeva, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində burada bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin əl işlərinin sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin təşkil edilməsində məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib ki, onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir.
Mərkəzin direktoru Pərvanə Hacıyeva bildirib ki, müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların peşə-əmək reabilitasiyasının təşkili işləri də aparılır. Peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.
Mərkəzdə əlilliyi olan şəxslərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı da keçirilir. Onlar üçün toxuculuq, daş tozundan fiqurların və s. düzəldilməsi kursları təşkil edilib.
Sərgi çərçivəsində mərkəzdə peşə-əmək reabilitasiyası işinin təşkili üçün yaradılan əmək terapiyası otağının təqdimatı da olub.