Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində bayram tədbirləri
Sumqayıt, 3 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbirləri təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində “Parlaq gələcəyimiz və bugünkü gəncliyimiz” adlı konsert keçirilib. Tədbirdə özfəaliyyət kollektivlərinin gənc solistlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, “NİCE” rəqs qrupu çıxış edib. Sonda il ərzində keçirilmiş tədbirlərdə uğurlu çıxışlarına görə bir qrup istedadlı gənc fəxri fərmanla təltif olunub.
“Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir” adli bayram konserti isə C.Cabbarlı adına mədəniyyət evində təqdim edilib. Mədəniyyət evinin solistləri Pənah Məmmədli və Vüsal İsgəndərov, “Aynabənd” rok qrupu ifa etdikləri mahnılar ilə gəncləri təbrik edib, xoş ovqat yaradıblar. Konsertdə, həmçinin “Turan” milli rəqs qrupunun çıxışı maraqla izlənilib. Sonda tədbir iştirakçıları dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları isə Sumqayıt “ASAN xidmət” mərkəzində səyyar sərgi təşkil ediblər. Həmçinin “Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları” adlı məruzə keçirilib. Tədbirdə çıxış edən multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Gəncləri Gününün tarixi haqqında geniş məlumat verib.
Qubadlı rayon mədəniyyət və Mahmudlu kənd mədəniyyət evləri tərəfindən “Gənclik ümmandır” adlı tədbir keçirilib. Tədbirdə bu günün qeyd olunmasının əhəmiyyətindən danışılıb. Sonra mədəniyyət evlərinin özfəaliyyət kollektivləri rəqs və musiqi nömrələri təqdim ediblər. Tədbir iştirakçıları mədəniyyət evinin foyesində rəsm dərnəyi üzvlərinin sərgisi ilə tanış olublar.
Şuşa rayon mədəniyyət mərkəzinin rayon Gənclər və İdman İdarəsi ilə birlikdə keçirdiyi tədbirdə Azərbaycan gənclərinin ölkə və beynəlxalq arenada qazandığı uğurlar haqqında geniş məlumat verilib. Sonra “Şuşanın dağları” instrumental ansamblı çıxış edib. Bəstəkar və xalq mahnıları, eləcə də rəqs qrupunun ifasında milli rəqslərimiz tədbirə xoş ovqat qatıb.
Tədbirlərdə fərqlənən özfəaliyyət kollektivlərinin üzvləri Şuşa rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı və diplomlarla təltif olunublar.