Sumqayıt Regional Vəkil Bürosu ilə Türkiyənin Eskişehir Barosu qardaşlaşıb
Bakı, 18 dekabr, AZƏRTAC
Sumqayıt Regional Vəkil Bürosunun nümayəndə heyəti Türkiyənin Eskişehir Barosunun dəvəti ilə Eskişehirə səfər edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib, Türkiyənin məhkəmə-hüquq sistemi, vəkillik fəaliyyəti ilə yaxından tanış olub, vəkilliyə namizədlərin andiçmə mərasimində iştirak edib.
Eyni zamanda Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi barədə protokol imzalanıb.
Görüş çərçivəsində Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı Azərbaycan və Türkiyə vəkilləri arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Eskişehir Barosunun rəhbəri Barış Günaydın bir müddət öncə Azərbaycana səfərini xatırladıb və VK-nın rəhbərliyi tərəfindən səmimi qəbula görə təşəkkürlərini çatdırıb, imzalanan protokolun simvolik olmayacağına, davamlı qarşılıqlı təmaslara və peşənin inkişafına yol açacağına ümid etdiyini bildirib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.