Sumqayıt şəhərində güzəştli mənzillərin tikintisi həyata keçirilir
Bakı, 3 fevral, AZƏRTAC
Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0,76 hektar torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib. Layihəyə uyğun olaraq həmin torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi həyata keçirilir.
Bu binalarda ümumilikdə 144 mənzil olacaq. Onlardan 36-sının birotaqlı, 72-sinin ikiotaqlı, 36-sının üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunacaq.
Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.