Sumqayıt şəhərinin 73-cü ildönümünə həsr olunan “Xəmsə” Milli İntellektual Oyunu keçirilib
Sumqayıt, 25 noyabr, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə noyabrın 22-24-də 22 Noyabr - Şəhər Gününə həsr edilən “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Baş İdarədən məlumat verilib.
Yarışın keçirilməsində məqsəd Sumqayıt şəhərinin 73-cü ildönümünün qeyd edilməsi, gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırılması, intellektual oyunlara marağın artırılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclərdən ibarət komandalar iştirak edib. Yekun nəticəyə əsasən, I yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Gauntlet”, II yerə 28 saylı tam orta məktəbin “Kepler”, III yerə isə 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin “Alfa” komandaları layiq görülüb.
Qalib komandalar Baş İdarənin fəxri fərman, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub.