SUMQAYIT SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNİN MADDİ-TEXNİKİ BAZASI MÖHKƏNLƏNDİRİLİR
Səhiyyə şöbəsinin müdiri Rauf Sadıqov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdə 29 səhiyyə müəssisəsi, o cümlədən 7 xəstəxana, 2 doğum evi, 5 dispanser, habelə 3 şəhər, 5 uşaq və 3 stomatologiya poliklinikası, təcili yardım stansiyası və sair fəaliyyət göstərir.
Şəhər icra hakimiyyəti ilə Səhiyyə Nazirliyinin birgə hazırladıqları inkişaf planına müvafiq olaraq, Sumqayıt səhiyyə müəssisələri mərhələ-mərhələ modernləşdirilir. Təkcə bu ilin 9 ayında əsaslı və cari təmir işlərinə 152157 manat xərclənmişdir. Bu vəsait hesabına təcili yardım stansiyasının dam örtüyü, 2 nömrəli doğum evinin birinci mərtəbəsi əsaslı təmir olunmuşdur, təcili yardım xəstəxanasının travmatologiya korpusunda təmir işləri isə hazırda davam etdirilir. Elektrokardioqram, ultrasəs aparatları, habelə rentgen müayinəsi və anesteziya üçün avadanlıq alınmışdır.
Yeri gəlmişkən, tibb preparatlarının və sarğı materiallarının bir hissəsini, bəzi aparatları, o cümlədən patologiya ilə doğulmuş uşaqlar üçün çətin tapılan küvez aparatını Səhiyyə Nazirliyi, şəhər bələdiyyəsi və Almaniyanın Lüdviqshafen şəhərindəki tərəfdaşlar təmənnasız vermişlər.
Şəhərin bütün səhiyyə ocaqlarında fasiləsiz su-qaz-elektrik təchizatı yoluna qoyulmuşdur. Bu müəssisələr qış mövsümündə istiliklə mərkəzləşdirilmiş qaydada təmin olunur.