Sumqayıta “Şagird Diskussiya Klubu” layihəsinin növbəti mərhələsi başa çatıb
Sumqayıt, 26 noyabr, AZƏRTAC
Sumqayıtda natiqlik dərslərinin növbəti mərhələsinə yekun vurulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Sumqayıt Gənclər və İdman Baş İdarəsindən məlumat verilib.
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan, nazirliyin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə icra edilən “Şagird Diskussiya Klubu” layihəsi çərçivəsində noyabrın 16-sı, 18-i və 25-də Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə IV qrup şagirdlərinin interaktiv seminarları və praktik məşğələ keçirilib.
Layihənin məqsədi şagirdlərin düzgün nitq qabiliyyətini inkişaf etdirmək, qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında maarifləndirmək, aydın və səlis ünsiyyət qurmaq, fikir çatdırmaq vərdişlərini formalaşdırmaqdır.
Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılıb, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında elektron təqdimat materialları nümayiş etdirilib.
Qeyd edək ki, növbəti qrupun seminarlarının dekabrın 9-u, 16-sı və 23-də keçirilməsi nəzərədə tutulur.