SUMQAYITDA EKOLOGİYA MƏSƏLƏLƏRİNƏ DAİR BEYNƏLXALQ SEMİNAR
İyulun 8-də Sumqayıtda ekologiya məsələlərinə dair beynəlxalq seminar işə başlamışdır. “Tərəfdaş şəhərlər arasında əməkdaşlıq” layihəsi çərçivəsində keçirilən seminar Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşəbbüsü ilə təşkil olunmuşdur. Eşborn, Saarbrukken şəhərlərinin və tərəfdaş şəhər olan Lüdviqshafenin mütəxəssisləri, alimləri və ictimai xadimlərindən ibarət mötəbər nümayəndə heyətləri seminarda iştirak etmək üçün Sumqayıta gəlmişlər. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları qəbul edərək, şəhərin tarixindən danışaraq vurğulamışdır ki, keçmiş İttifaqın iri sənaye mərkəzlərindən olan Sumqayıt güclü potensiala malikdir. Lakin yaşıllıqların çox olmasına baxmayaraq, şəhərdə ekologiya problemləri hələ də mövcuddur. Əhalisinin sayı iki dəfə artmış şəhər bu gün ekoloji problemlərin, o cümlədən çirkli suların təmizlənməsi və zərərsizləşdirilməsi ilə bağlı problemlərin məngənəsində sıxılır. V.Əliyev bərk məişət və sənaye tullantılarının toplanması və təkrar emalı ilə məşğul olan “ADEC” Almaniya-Azərbaycan birgə müəssisəsinin işini müsbət qiymətləndirərək bildirmişdir ki, layihənin ikinci mərhələsinin – məişət tullantılarını yenidən emal edən qurğunun tikintisini tezləşdirmək lazımdır. O, seminarın aktual məsələləri üzərində dayanaraq demişdir ki, hava hamının sərvətidir və irqi, dini, coğrafi, sosial mənsubiyyətindən asılı olmayaraq, hər birimiz vahid məkanın - Yer kürəsinin sakinləriyik və ekoloji problemlər hamımızı eyni dərəcədə düşündürür. GTZ-nin Azərbaycandakı rəsmi nümayəndəsi Marsel Şvikert, layihənin almaniyalı əlaqələndiricisi Yohan Qauli və başqaları çıxış edərək, səmimi qəbula görə təşəkkürlərini bildirmiş, əməkdaşlığın perspektivlərindən danışmışlar. Seminar iştirakçıları üç gün ərzində ekoloji tərbiyə, sənaye və məişət tullantılarının kadastrı, su təchizatının və şəhərin kanalizasiya şəbəkəsinin işinin yaxşılaşdırılması ilə bağlı birgə fəaliyyət planını müzakirə edəcək və hazırlayacaqlar. Bu proqramın əsası Sumqayıt ilə Lüdviqshafen arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yaradılmasının 25 illiyi ilə əlaqədar ötən il keçirilmiş şənliklərdə qoyulmuşdur. O zaman şəhərlərin rəhbərləri Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin layihələri çərçivəsində əməkdaşlıq barədə saziş imzalamışdılar.