REGİONLAR
Sumqayıtda gənc rəssamların sərgisi açılıb
Sumqayıt, 14 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkında gənc rəssamların sərgisi keçirilib. Sərgi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, açıq səma altında mövcud pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun təşkil olunan sərgidə 20-yə yaxın müəllif öz əl işlərini nümayiş etdirib.
Sərginin açılışında çıxış edən Baş İdarənin rəis müavini Rüfət Mahmudzadə ölkəmizdə və şəhərdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, sərginin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, onlara qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd edib.
Sonda gənc rəssamlar Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif olunublar.