Sumqayıtda ictimai nəqliyyatda və qapalı məkanlarda növbəti dəfə reydlər keçirilib
Bakı, 11 avqust, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polis əməkdaşları onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, qoruyucu tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Tədbirlər zamanı taksi avtomobillərində şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barəsində də qanunauyğun tədbirlər görülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdirilib, onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirlər tətbiq olunub.
Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq, toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir. Eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiqləyən COVID-19 pasportu hələ də yoxdur.
Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə ictimai nəqliyyatda, şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi həyata keçiriləcək.