Sumqayıtda son illər həyata keçirilən layihələr gənclərin inkişafına öz töhfəsini verir
Sumqayıt, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 2 fevral - Gənclər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin fəal gənclərinin iştirak etdiyi bayram tədbirində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunması ölkənin gənc vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. O, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq Azərbaycan gənclərinin bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə edərək özlərini doğruldurlarını vurğulayıb. Gənclər bu gün dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Sumqayıtda son illərdə həyata keçirilən layihələrə diqqət çəkən icra başçısı qeyd edib ki, bütün görülmüş işlər gənclərin inkişafına, məşğulluğun artırılmasına, asudə vaxtının səmərəli keçirilməsinə dəstək verir.
Sonda şəhərin ictimai həyatında, təhsil və idmanda nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir bayram süfrəsi arxasında konsert proqramı ilə davam edib.