Sumqayıtda top mərmisi aşkar olunmuşdur
Sumqayıt, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də saat 10:25-də “112 - qaynar xətt” xidmətinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki kompressor zavodunun ətrafındakı evlərin yaxınlığında partlayıcı əşya tapılması barədə məlumat daxil olmuşdur.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə göndərilmişdir.
Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə yaxınlıqdakı insanları təhlükəli sahədən uzaqlaşdırmış, əraziyə kənar şəxslərin girişini məhdudlaşdırmışlar. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, qəsəbədə yeni tikilən evlərə su çəkilişi məqsədilə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən 100 millimetrlik top mərmisi aşkar olunmuşdur. Baxış zamanı mərminin korroziyaya uğradığı və yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir.
Mərmi aidiyyəti üzrə hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. Əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilmiş, partlayış təhlükəli əşya aşkar olunmamışdır.