Sumqayıtda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
Sumqayıt, 26 noyabr, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Emil Vaqif oğlu İsgəndərovun ailəsini ziyarət edib.
Bu barədə İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib.
Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailəyə maddi-mənəvi dəstək göstərilib.
Vətən müharibəsi şəhidi Emil İsgəndərov 1990-cı il avqust ayının 5-də Sumqayıt şəhərində anadan olub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa döyüşlərində iştirak edib. O, 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Sumqayıt Şəhidlər xiyabanında dəfn olunan Emil İsgəndərov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.