Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki ölkə münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyaraq strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə yüksəldib.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert Canip Nuray bildirib.
Türkiyəli ekspertin fikrincə, bu sənəd təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, eyni zamanda regionun və daha geniş coğrafiyanın geosiyasi balansına təsir edən mühüm strateji dönüş nöqtəsidir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, həm də Cənubi Qafqazda və Avrasiya məkanında yeni güc mərkəzlərinin formalaşmasına təsir edən uzunmüddətli strateji yol xəritəsidir.
“Sənədin Şuşada imzalanması isə həm tarixi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Türkiyə münasibətləri uzun illər ərzində qarşılıqlı etimad, siyasi həmrəylik və iqtisadi əməkdaşlıq üzərində inkişaf edərək nümunəvi strateji modelə çevrilib. Şuşa Bəyannaməsi bu modeli daha da institusional çərçivəyə salaraq müttəfiqlik səviyyəsinə yüksəldib. Müasir beynəlxalq sistemdə dövlətlər arasında etibarlı müttəfiqlik əlaqələri həm iqtisadi sabitlik, həm də regional təhlükəsizlik baxımından həlledici rol oynayır. Bu kontekstdə Azərbaycan və Türkiyə arasında formalaşmış əməkdaşlıq modeli təkcə regional deyil, qlobal miqyasda da diqqətçəkən nümunələrdən biridir. Sənədin iqtisadi komponenti xüsusilə önəmlidir. Ticarət əlaqələrinin genişlənməsi, investisiya mühitinin dərinləşməsi və birgə layihələrin artması Şuşa Bəyannaməsinin praktik nəticələrinin açıq göstəricisidir. Enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr isə iki ölkəni Avrasiyanın əsas strateji mərkəzlərindən birinə çevirib”, - deyə Canip Nuray qeyd edib.
Ekspert əlavə edib ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan və Türkiyənin birgə fəaliyyəti regional sabitliyin əsas dayaqlarından biridir. Azərbaycanın enerji resursları ilə Türkiyənin tranzit və logistik imkanlarının birləşməsi Avropa və Asiya bazarları arasında etibarlı körpü formalaşdırır.
Ekspert Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərini də yüksək qiymətləndirib. Onun fikrincə, bu proseslər Türkiyə və Azərbaycan şirkətləri üçün geniş əməkdaşlıq imkanları açır və regionun iqtisadi xəritəsini yenidən formalaşdırır.
“Şuşa Bəyannaməsi humanitar və sosial sahələrdə də əməkdaşlığın dərinləşməsinə xidmət edir. Təhsil, elm və gənclər siyasəti istiqamətində həyata keçirilən layihələr iki ölkə arasında gələcək nəsillərin daha sıx inteqrasiyasını təmin edir. Müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq regionda sülhün və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı dəstək prinsipi iki ölkənin strateji maraqlarını daha da möhkəmləndirir”, - deyə Canip Nuray vurğulayıb.
C.Nuray qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yalnız bugünkü reallıqlarla məhdudlaşdırmır, eyni zamanda gələcək onilliklər üçün strateji inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd kimi çıxış edir. Onun sözlərinə görə, “Bir millət, iki dövlət” prinsipi artıq regional deyil, qlobal miqyasda təsir gücünə malik müttəfiqlik modelinə çevrilib.