Tailandda daşqınlar azı 14 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Tailandın cənubunda baş verən daşqınlar nəticəsində azı 14 nəfər həlak olub, ondan çox əyalət təbii fəlakət zonası elan edilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları daha üç nəfərin zərər çəkdiyini, bir nəfərin isə itkin düşdüyünü bildiriblər.
Tailand Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, daşqınlar 88 rayonda 582 min insana təsir göstərib. Təbii fəlakətin təsirinə məruz qalan 11 cənub rayonu təbii fəlakət zonası elan olunub. Bundan başqa, leysan yağışlarının doğurduğu daşqınlar nəticəsində regionda qatarların hərəkəti dayanıb, məktəblərdə dərslər çərşənbə gününədək təxirə salınıb.