“Taliban” sabiq hərbçilərin İŞİD-ə qoşulması barədə xəbərləri təkzib edib
Bakı, 2 noyabr, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanın güc strukturlarının sabiq əməkdaşlarının İŞİD qruplaşmasına qoşulması barədə xəbərləri təkzib edib.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, taliblər bu məlumatları təsdiqləyən faktlara rast gəlmədiklərini deyiblər.
“Keçmiş hökumətin təhlükəsizlik qüvvələrinin İŞİD qruplaşmasına qoşulması mümkün deyil. Biz bunun sübutlarını görməmişik”, - deyə “Taliban” hərəkatının nümayəndələri bildiriblər.
Bir müddət öncə “Wall Street Journal” qəzeti Əfqanıstan kəşfiyyat xidmətinin ABŞ-da təlim görmüş az sayda sabiq əməkdaşının və elit hərbi hissələrin sabiq döyüşçülərinin İŞİD qruplaşmasının yerli şəbəkələrinə qoşulduğu barədə məlumat yaymışdı. Məlumata görə, onların sayı hələlik az olsa da, ABŞ qoşunlarının ölkədən çıxarılması və Taliban hərəkatının hakimiyyətə gəlməsindən sonra bu rəqəmlər artır.
Qeyd edək ki, “Taliban” hərəkatı ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda ölkədə faktiki hakimiyyətə yiyələnib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər müharibənin bitdiyini elan edib. Avqustun 31-nə keçən gecə amerikalı hərbçilərin sonuncu qrupu Kabili tərk edib və bununla da ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində “Taliban” hərəkatının əvvəlki hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Həsən Axundun rəhbərliyi ilə Əfqanıstanın müvəqqəti hökuməti formalaşdırılıb.