MƏDƏNİYYƏT
Tallində azərbaycanlı rəssamın sərgisi açılıb





Tallin, 21 sentyabr, A.Axundova, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tallinn şəhərindəki Dizayn və Memarlıq Qalereyasında tanınmış azərbaycanlı rəssam Rövşən Nurun əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalçalarına və təsviri sənətə həsr edilmiş sərgi sentyabrın sonunadək davam edəcək. Ziyarətçilər, həmçinin xalçatoxuma və naxışların rəsmi üzrə ustad dərslərində iştirak edə biləcəklər.
Azərbaycan xalçaçılıq sənətinin müxtəlif nümunələrinin rəngarəng gözəlliyini əks etdirəm sərgi milli mədəniyyətimiz və incəsənətimizin özünəməxsus dərinliklərinə nüfuz etməyə unikal imkan yaradır. Sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, Estoniyada yaşayan etnik azlıqların nümayəndələri iştirak ediblər. Qonaqlara milli musiqi və rəqslərimiz, həmçinin Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.
Sərgidə rəssamın “Tarix” mövzusunda Estoniya və Azərbaycanda yaratdığı 100-ə yaxın əsər nümayiş etdirilir. R.Nur deyir: “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində yayda Azərbaycana getdim, Bakı və Naxçıvanda oldum, oralarda çoxlu rəsmlər çəkdim. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş portret yaratdım. Bu portret də sərgimizi bəzəyir”.
Rəssamın Milli Mədəniyyətlər Günü ilə əlaqədar daha bir sərgisi paytaxtın “Baron” otelində təşkil olunub və sentyabrın 24-dək davam edəcək. Bu sərgidə, həmçinin Azərbaycanın milli xalçaları nümayiş etdirilir, xalçaçılıq üzrə ustad dərslərinin təşkili nəzərdə tutulur.
Rövşən Nur iyirmi ildən çoxdur ki, Estoniyada yaşayır. O, bir çox beynəlxalq və Estoniya sərgilərinin iştirakçısı kimi sənətsevərlərə yaxı tanışdır, onlar rəssamın fərdi üslubu olan yaradıcılığını yüksək qiymətləndirirlər. R.Nur Estoniyada mütəmadi sərgilər və digər tədbirlər keçirir, bu ölkənin sakinlərini Azərbaycanın mədəniyyəti və incəsənəti ilə yaxından tanış edir. O, həmçinin ustad dərsləri təşkil edir, sənət həvəskarlarına Azərbaycanın milli ənənələri ilə təmas qurmaq imkanı yaradır.