RƏSMİ XRONİKA
“TAM” YENİ AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ İSTEHSAL MÜƏSSİSƏSİDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Abşeron rayonunda “Tam” qida sənayesi müəssisəsi ilə tanış olmuşdur. Azərbaycan-Türkiyə birgə müəssisəsində dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Müəssisənin direktoru Hüseyn Əliyev məlumat verdi ki, tikintisinə keçən il başlanılan bu istehsal obyekti 2006-cı ildə tam gücü ilə işləməyə başlamışdır. 150 çeşiddən çox şirniyyat məhsulu istehsal edən bu müəssisənin gündəlik gücü 10 tondur. Hazırda burada 500 nəfər çalışır. Gələcəkdə istehsal və emal sahələrini genişləndirməklə işçilərin sayı 1000-ə çatdırılacaqdır. Yüksək keyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara - Gürcüstana, Orta Asiya ölkələrinə də göndərilir. İşçilərin ən aşağı maaşı 100 manat təşkil edir. Burada Rusiya, İtaliya, Türkiyə və Almaniya istehsalı olan avadanlıq quraşdırılmışdır. Yaxın günlərdə İtaliyadan və Rusiyadan yenə avadanlıq gətiriləcəkdir.
Prezident İlham Əliyev biskvit, şokolad sexlərini gəzdi, laboratoriya ilə, məhsulun qəbulu, çeşidlənməsi və kompyuterlə keyfiyyətinin yoxlanılması və digər proseslərlə yaxından tanış oldu. Şirniyyatlardan daddı, bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayaraq bir daha xatırlatdı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun həyata keçirilən işlər ölkəmizdə işsizliyin aradan qaldırılmasına xüsusi kömək göstərir. Ona görə bu cür müəssisələrin yaradılması və sahibkarlığın inkişafı bundan sonra da dəstəklənəcəkdir.
Prezident İlham Əliyev müəssisənin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.