Tamam Bayatlı: Azərbaycan mədəni irsinin qorunmasına və təbliğinə dəstək davam etdiriləcək
Bakı, 8 iyul, AZƏRTAC
Muzey Mərkəzində bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş, dünya muzey standartlarına uyğun yenidən qurulan beş sərgi zalı istifadəyə verilib.
Bunu AZƏRTAC-a açıqlamasında bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bildirib.
O deyib ki, ümumi sahəsi 300 kvadratmetrdən artıq olan yeni ekspozisiya məkanı bundan sonra Azərbaycanın görkəmli rəssamlarının əsərlərinin daimi nümayişinə imkan yaradacaq.
Tamam Bayatlı qeyd edib ki, yeni yaradılan şərait sayəsində Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Ömər Eldarov və digər korifey sənətkarların əsərləri daim ekspozisiyada nümayiş etdiriləcək.
O vurğulayıb ki, əvvəllər zallarda lazımi işıqlandırma, iqlim nəzarəti və mühafizə şəraiti olmadığından bu qiymətli sənət nümunələri yalnız müəyyən vaxtlarda sərgilənirdi. İndi isə beynəlxalq standartlara cavab verən şərait yaradılıb və həmin əsərlər daimi olaraq ziyarətçilərə təqdim ediləcək.
Tamam Bayatlı əlavə edib ki, bu, şirkətin muzeylərlə həyata keçirdiyi ilk layihə deyil. Daha əvvəl Dövlət İncəsənət Muzeyində sərgi zallarının yenilənməsinə dəstək göstərilib, həmçinin Xalça Muzeyi və Tarix Muzeyi ilə müxtəlif mədəni layihələr həyata keçirilib. “bp Azərbaycan mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına bundan sonra da dəstəyini davam etdirəcək”, - deyə o vurğulayıb.