TARİF ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinə dəyişiklik edilməsi, küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tarifləri, dövlət mühafizəsinə götürülmüş abidələr və onların ərazisində göstərilməsi nəzərdə tutulan xidmətlərin tarifləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq biletinin verilməsi qiyməti ilə bağlı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Tarif (qiymət) Şurasının qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiyməti 11 manat məbləğində (iki il üçün) müəyyənləşdirilmişdir. Bundan əlavə, Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq “Dənizçinin qeyd kitabçası”nın administrasiyanın xidmət növlərinə daxil edilməsi və qurumun müvafiq müraciəti nəzərə alınaraq 1 kitabçanın qiyməti 22 manat məbləğində təsdiq edilmişdir.
İclasda küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi məsələsi də müzakirə olunmuşdur. Tarif (qiymət) Şurasının qərarı ilə bu tariflər təkliflərdə nəzərdə tutulandan aşağı - Bakı şəhəri üzrə mövcud səviyyədə saxlanılması, regionlarda sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri üzrə tariflərə 0,7 əmsalının, Abşeron rayonu və respublikanın digər regionları üzrə tariflərə isə 0,5 əmsalının tətbiq edilməsi qərara alınmışdır. Eyni zamanda, reklam daşıyıcısının yerləşdirilməsinə görə icazə sənədi üçün birdəfəlik ödəniş olaraq Bakı şəhəri üzrə zonadan asılı olmayaraq 70 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri üçün 50 manat, Abşeron rayonu və respublikanın digər regionları üzrə isə 35 manat birdəfəlik ödəniş müəyyənləşdirilmişdir.
Tarif (qiymət) Şurasının iclasında dövlət mühafizəsinə götürülmüş abidələr və onların ərazisində göstərilməsi nəzərdə tutulan xidmətlərin tarifləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti də müzakirə edilmiş, müvafiq dəqiqləşdirmələr aparılmaqla sənədin yenidən işlənərək təqdim olunması qərara alınmışdır.
Dövlət Dəniz Administrasiyasının yeni tarifləri 2008-ci ilin avqustun 1-dən, digər tariflər isə sentyabrın 1-dən tətbiq ediləcəkdir.