Tarix Muzeyində gizir şəhid Xudayar Yusifzadəyə məxsus materiallar qorunur
Bakı, 15 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda gizir şəhid Xudayar Yusifzadənin hərbi gödəkçəsi (çiyinlərində gizir hərbi rütbəsi olan poqonları, sol qolunda DSX-ə aid dairəvi formada qol nişanı var) və fotoşəkilləri qorunur. Eyni zamanda, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı, gənc heykəltəraş Jalə Əliyeva tərəfindən hazırlanmış və muzeyə hədiyyə edilmiş Xudayar Yusifzadənin büstü həmin fondda saxlanılır. Büstün alt hissəsi qranitdən, yuxarı hissəsi isə poliestrdən ibarətdir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə rayonunda anadan olub. O, Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Sonra X.Yusifzadə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq nümunəsi göstərib. O, Zəngilan rayonunda düşmənə qarşı döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Xudayar Yusifzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.