Tarixçi-alim: Qafqaz Albaniyasında xristianlıq ermənilərdən əvvəl yayılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasında xristianlığın yayılması məsələsi AMEA-da keçirilən konfransda diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena–Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Ramil Ağayev Albaniyada xristianlığın yayılması ilə bağlı məlumatları diqqətə çatdırıb.
O bildirib ki, Albaniyada xristianlıq eramızın I əsrində həvarilər Faddey və Yelisey tərəfindən yayılmağa başlayıb. Qafqazda ilk kilsələrdən biri kimi Şəkidə yerləşən Kiş kilsəsinin adı çəkilir və bu məsələ dünya ictimaiyyətində də müzakirə olunur. Albaniyada xristianlığın ermənilərdən əvvəl yayılması barədə həm erməni mənbələrində, həm də Albaniya tarixinə dair əsərlərdə məlumatlar mövcuddur.
R.Ağayev Musa Kalankatlının əsərində albanların xristianlığı ermənilərdən əvvəl qəbul etməsi ilə bağlı məlumatların yer aldığını bildirib. Həmçinin qeyd edib ki, Alban kilsəsi əsasən diofizit, erməni kilsəsi isə monofizit mövqeyi ilə fərqlənib.
Alimin sözlərinə görə, 506-cı ildə Dvində keçirilən kilsə məclisində Xalkedon Kilsə Məclisinin qərarları müzakirə olunub və bu məsələ xristianlığın müxtəlif istiqamətləri baxımından əhəmiyyət daşıyır.