Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir
Xırdalan, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 6-da Abşeron rayon Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Heydər Əliyev və 44 günlük Zəfər yolu” filmi nümayiş olunub.
Konfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlıq dastanı yazdığını vurğulayıb.
Qeyd olunub ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalanması bizim tarixi qələbəmizdir.
Tədbirdə Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri professor Şikar Qasımov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, şəhid atası Mamed Əhmədov, fəlsəfə elmləri doktoru Səlim Səlimbəyli, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, İctimai Birliyin Laçın rayon şöbəsinin sədri Babək Aslanov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi tarix elmləri üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev, şair, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman və başqaları çıxış ediblər.
Vurğulanıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Əldə olunan uğurlar böyük səylərin, qətiyyətin, ən əsası, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qurulan möhkəm təmələ əsaslanır. 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə Zəfər Günü olaraq yazıldı. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir.
Qeyd olunub ki, Ulu Öndərin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. Dahi şəxsiyyət hər kəsə Vətəni sevməyi öyrətdi. Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmi üzərində qələbə deyil. Bu, haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququn bərpasıdır.
Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Azərbaycan xalqı möhkəm təməl üzərində dastan yazmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Otuz il torpaq həsrəti ilə yaşayan soydaşlarımız doğma yurdlarına qayıdırlar.
Konfransda YAP Laçın rayon təşkilatı tərəfindən Zəfər Günü ilə əlaqədar bir qrup Vətən müharibəsi iştirakçısı fəxri fərmanla təltif edilib.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.