Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyi qaydaları izah edilib
Bakı, 26 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq, kənd təsərrüfatı sahəsində yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu sahədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə regional müşavirə keçirib.
Tədbirdə FHN-in yerli strukturlarının, regiondakı rayon icra hakimiyyətlərinin, polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin və “Aqroservis” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak ediblər.
Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.
Tədbirdə yerli qurumlar tərəfindən də əhali arasında bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Sonra xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.