Taxtakörpü qəsəbəsində 10 mindən çox laçınlı məcburi köçkün kütləvi tibbi müayinədən keçəcək
Ağcabədi, 18 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi Ağcabədi rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi dispanserizasiyası uğurla həyata keçirilir.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı müvəffəqiyyətlə yerinə yetirmək üçün xüsusi komissiya yaradılıb, rayon sakinlərinin tibbi müayinə barədə məlumatlandırılması məqsədilə geniş təbliğat işləri aparılıb. Tibbi müayinələrə terapevt, cərrah, nevropatoloq, stomatoloq, dermatoloq və digər ixtisaslı həkimlər cəlb olunub. Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 10 mindən çox məcburi köçkünün müayinə olunması nəzərdə tutulur.
Sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və digər müayinələrdən keçirilir. Bu günədək müayinədən keçən 249 sakindən 11 nəfəri ambulator müalicəyə cəlb edilib, 3 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Bundan başqa, həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə də tibbi xidmət göstərilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanır.